REGİONLAR
Teatrşünas: Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışı biz mədəniyyət işçilərinin böyük sevincinə səbəb olub
Gəncə, 9 fevral, Elcan Məmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin Şeyx Nizami yurduna hər bir səfəri Gəncənin ictimai-siyasi, eləcə də mədəni həyatında müstəsna tarixi əhəmiyyətə malikdir. Bu il yanvarın 30-da sayca 18-ci dəfə Gəncəyə gəlişi ikinci “ASAN xidmət”in istifadəyə verilməsi, eyni zamanda, 2014-cü ildə ölkə başçısı tərəfindən təməli qoyulan Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışı da şəhər ictimaiyyətinin, eləcə də biz mədəniyyət işçilərinin böyük sevinc və rəğbəti ilə qarşılanıb.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında teatrşünas–tənqidçi Anar Burcəliyev deyib.
“Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə Bakıda yaradılıb. 1925-ci ilədək “Tənqid-təbliğ” teatrı, 1932-ci ilədək “Bakı-işçi-kəndli” teatrı adlandırılıb. 1932-ci ilin dekabr ayında teatr bütün yaradıcı heyəti ilə birlikdə Gəncəyə köçürülüb və fəaliyyətini burada davam etdirib. Görkəmli teatr xadimləri İsmayıl Talıblı, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Mehdi Məmmədov, Kazım Ziya, Fatma Qədri, Əmir Dadaşlı, Məhəmməd Burcəliyev, Sədayə Mustafayeva, Rəmziyyə Veysəlova, Əşrəf Yusifzadə kimi şəxsiyyətlərin sənət yolu məhz buradan keçib”, - deyə A.Burcəliyev bildirib.
O, böyük sənətkarlar yetişdirən Gəncə Dövlət Dram Teatrı üçün binanın tikilərək təhvil verilməsinin yeni səhnə əsərlərinin meydana gəlməsində böyük rol oynayacağını qeyd edib: “Bildiyiniz kimi, yeni teatr binasında 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastrukturlar yaradılıb. Sadalananlarla bağlı bu gün zəhməti olan hər kəsə, xüsusilə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm”.