CƏMİYYƏT
Təhlükəsizlik tələblərinə cavab verməyən buxar qızdırıcısının istismarı dayandırılıb
Bakı, 3 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Sumqayıt şəhərinin Səməd Vurğun küçəsi, 86 ünvanındakı “Azərikimya” İstehsalat Birliyinə məxsus Etilen-Polietilen zavodunun 01 saylı piroliz sahəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı zavodda insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək ciddi pozuntular aşkarlanıb. Belə ki, piroliz sahəsində istismar edilən F10 A/B buxar qızdırıcısının bloklayıcı və mühafizə sistemlərinin, habelə idarəetmə dolabının ləğv edildiyi müəyyənləşdirilib.
Aşkarlanan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, buxar qızdırıcısının istismarı dayandırılıb.
Bununla yanaşı, Agentliyin müfəttişləri tərəfindən aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Azərikimya” İB qarşısında məsələ qaldırılıb, F10 A/B buxar qızdırıcısının müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları həmin İstehsalat Birliyinin rəhbərliyinə izah olunub.
Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün zavod rəhbərliyinə təqdim edilib.