DÜNYA
Tehranda hava çirkliliyi səbəbindən məktəblərdə tədris prosesi dayandırılıb
Tehran, 17 may, AZƏRTAC
İraqda və İranın cənubunda başlayan toz fırtınası səbəbindən Tehran, Xuzistan, Kirman, Şərqi Azərbaycan, Elam, Kürdüstan və Lorestan vilayətlərində hava çirklənməsinin səviyyəsi yüksəlib.
AZƏRTAC İranın Meteoroloji Mərkəzinə istinadla xəbər verir ki, İraqın şərqində qalxan toz fırtınasını külək İrana gətirib. Bu gün Tehranda ali və orta ixtisas məktəblərində tədris prosesi dayandırılıb. Bununla yanaşı, Mehrabad Hava Limanında 8 reys təxirə salınıb. Hava limanından bildiriblər ki, pilotlar havanın tozlu olması səbəbindən təyyarəni idarə edə bilmirlər. Eyni zamanda, əyalət aeroportlarından Tehrana olan reyslər də təxirə salınıb. Son 10 gün ərzində artıq 2-ci dəfədir ki, Tehranda havanın çirklənməsi səbəbindən məktəblər və uşaq bağçaları bağlanır. Hava çirkliliyi normadan dəfələrlə artıqdır.
Səhiyyə Nazirliyi ürək-damar və tənəffüs yolları xəstələrinin, eləcə də yaşlı insanların zərurət yaranmadan küçəyə çıxmamaları haqqında xəbərdarlıq edib.
İranın qərbində Gilan, Mazandaran, Gülüstan vilayətlərində isə yağışlı hava davam edəcək. Sinoptiklər sel və daşqınların olacağı barədə əhaliyə xəbərdarlıq edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran