ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi yanında İctimai Şura yeni dərs ilində tətbiq olunacaq qaydaları müzakirə edib
Bakı, 14 sentyabr, AZƏRTAC
Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) onlayn iclasında yeni dərs ilinə hazırlıq məsələləri və tətbiq olunacaq qaydalar müzakirə edilib.
İctimai Şuradan AZƏRTAC-a bildirilib ki, şuranın məsul katibi İlqar Orucov müzakirəyə çıxarılan məsələlər barədə iclas iştirakçılarına məlumat verib.
Təhsil nazirinin müşaviri Elnur Nəsibov yeni tədris ilində tətbiq olunacaq yeni qaydalardan bəhs edib. O bildirib ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin qərarına müvafiq olaraq Təhsil Nazirliyi artıq tədris planlarını təsdiqləyib.
Yeni uyğunlaşdırılmış tədris planları və nümunəvi dərs cədvəlləri barədə nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva çıxış edib. Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva 2020/2021-ci tədris ilində məktəblərin açılmasına dair aparılmış sorğunun nəticələrinə dair məlumat verərək bildirib ki, sorğunun məqsədi COVID-19 pandemiyası dövründə Azərbaycanda məktəblərin açılmasına dair əhalinin rəyini öyrənməklə, müvafiq şərtlər altında dərslərin aparılma formasına olan münasibəti və bu mövzuda gözləntilərin araşdırılıb təqdim olunmasından ibarətdir. O qeyd edib ki, sorğular telefon vasitəsilə aparılıb və ümumilikdə 5000 iştirakçını əhatə edib. Araşdırma Bakı və ölkənin digər rayonlarında məktəblilər, valideynlər, müəllimlər və digər hədəf qrupları arasında keçirilib.
Şuranın sədri, professor Şahlar Əsgərov, şura üzvlərindən Əməkdar müəllim Asif Cahangirov, fəlsəfə doktorları Anar Vəliyev, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, professor Hikmət Əlizadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə yeni tədris ilində tətbiq olunacaq yeni qaydalarla bağlı fikirlərini bildiriblər. Pandemiya dövründə təhsilalanlar üçün internet tariflərində ciddi güzəştlərin olunması, təhsilverənlərin ödənişsiz internetlə təmin olunması məsələsinin aidiyyəti qurumlar qarşısında qaldırılması məqsədilə Təhsil nazirinin adına müraciətin edilməsi qərara alınıb.
Daha sonra şuranın yeni tədris ilinin birinci yarısı üçün fəaliyyət planı müzakirə edilib.