ELM VƏ TƏHSİL
Təhsil Problemləri İnstitutunda doktorant və dissertantlarla görüş
Bakı, 9 fevral, AZƏRTAC
Təhsil Problemləri İnstitutunda (TPİ) yeni qəbul olunmuş doktorant və dissertantlarla görüş keçirilib.
TPİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə institutun elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqoji elmlər doktoru Hümeyir Əhmədov belə tədbirlərin bundan sonra mütəmadi keçiriləcəyini, yeni qəbul olmuş doktorant və dissertantlara institutun alimləri tərəfindən daim kömək göstəriləcəyini söyləyib. Azərbaycanda yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasının ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirildiyi və müvafiq elmi dərəcələrin verilməsi ilə başa çatacağı qeyd olunub.
Bildirilib ki, institutda doktorantura təhsili fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə aparılır. TPİ-də doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantura yolu ilə də reallaşdırır. Doktoranturada təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddətinin üç il, qiyabi formada dörd il, dissertantlıq yolu ilə dörd il olduğu, elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddətinin dörd il, qiyabi formada beş il, dissertantlıq yolu ilə beş il olduğu qeyd edilib.
Sonda H.Əhmədov iştirakçılara uğurlar arzulayıb, sualları cavablandırıb.