ELM VƏ TƏHSİL
Təhsil naziri Ağcabədi şəhərində vətəndaşları qəbul edib
Bakı, 11 mart, AZƏRTAC
Təhsil naziri Ceyhun Bayramov Ağcabədi şəhərindəki Bayraq Muzeyində Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd və Laçın rayon sakinlərini qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun keçirilən qəbulda Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Ceyhun Bayramov qəbula yazılmış vətəndaşların müraciət və təkliflərini diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Qəbulda vətəndaşların müraciətləri əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, təhsil sənədlərinin tanınması və digər məsələləri əhatə edib.