ELM VƏ TƏHSİL
Tələbələr sığorta bazarı barədə məlumatlandırılıblar
Bakı, 25 aprel, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı ilə sığorta bazarı haqqında növbəti maarifləndirici seminar keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda MBNP, Azərbaycan Sığortaçılar Assosiasiyası və bir sıra sığorta şirkətlərinin təqdim etdiyi mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
İnteraktiv metodlar və dialoq formasında keçirilən seminar çərçivəsində sığorta haqqında ümumi məlumat, mahiyyəti və sığortanın əsas növləri, sığorta riskləri və anderraytinq, həyat və qeyri-həyat sığortası mövzuları müzakirə olunub.
Təcrübə və diskussiyalarla zəngin olan təlimdə Qərbi Kaspi Universitetinin akademik heyəti və tələbələri iştirak edib.