CƏMİYYƏT
Tələbələrin “Şöhrət” muzeyinə ekskursiyası təşkil edilib
Bakı, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kolleci, Bakı Biznes və Kooperasiya Kolleci və Azərbaycan Kooperasiya Universitetinin bir qrup fəal tələbələrinin iştirakı ilə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya təşkil edilib.
AZƏRTAC Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri qoyublar.
Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.
Qeyd olunub ki, “Şöhrət” muzeyinin eksponat və stendlərində olan nadir sənədlər, arxiv materialları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.