MƏDƏNİYYƏT
“Tərsinə çevrilmiş dünya” filminin çəkilişləri başa çatmışdır
Bakı, 20 dekabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Tərsinə çevrilmiş dünya” filminin çəkilişləri başa çatmışdır.
Kinostudiyadan AZƏRTAC-a bildirmişlər ki, film detektiv janrdadır. Azərbaycan və İran kinematoqrafçılarının birgə işi olan filmin çəkilişləri İranın Ənzəli və Tehran şəhərlərində, sonra isə Azərbaycanın Gəncə şəhərində aparılmışdır.
Ekran əsəri gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir işdir. Filmin premyerası həm İranda, həm də Azərbaycanda baş tutacaqdır.
Xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilən ekran işinin rejissoru Ənvər Əblucdur.
“Tərsinə çevrilmiş dünya” filmi müştərək olduğundan burada yerli aktyorlarla yanaşı, iranlı aktyorlar da çəkilmişlər.
Film tamaşaçılara 2011-ci ilin əvvəllərində təqdim ediləcəkdir.