REGİONLAR
Tərtər rayonunda payızlıq səpin üçün 7279,5 hektardan çox sahədə şum qaldırılıb
Tərtər, 16 sentyabr, AZƏRTAC
Taxıl zəmilərindən bol məhsul götürən tərtərli fermerlər payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, gələcəkdə yüksək məhsuldarlıqda yay şumunun əhəmiyyətini xüsusi qiymətləndirən fermerlər və torpaq mülkiyyətçiləri bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Bu günədək rayonunun təsərrüfatlarında 7279,5 hektar sahədə şum qaldırılıb.
Qeyd edək ki, 2022-ci təsərrüfat ili üçün rayonda 8102,9 hektar sahədə taxıl becərilib, 33 min 233,1 ton məhsul əldə olunub. Məhsulun 17 min 341,2 tonu buğda, 15 min 891,9 tonu arpadır. Hər hektar taxıl sahəsindən orta məhsuldarlıq 41 sentner, o cümlədən buğda sahələrində 43,6 sentner, arpa zəmilərində isə 38,5 sentner təşkil edib.