CƏMİYYƏT
Tərtər sakininə məxsus həyətyanı sahədən çətənə kolu və marixuana aşkarlanaraq götürülüb
Bakı, 6 avqust, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Tərtər rayonunun Hacıqərvənd kənd sakini, əvvəllər məhkum olunmuş N.Abdullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu və 430 qram marixuana aşkarlanaraq götürülüb.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər sakini N.Mehdiyevə məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkarlanıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.