REGİONLAR
Tərtərdə karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir
Tərtər, 16 sentyabr, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə əsasən Tərtər rayonunda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla, 59 mobil qrup yaradılıb. Yaradılmış mobil qrupun üzvləri rayon ərazisində karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri aparılır.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sentyabrın 16-da keçirilən növbəti reyd zamanı mobil qrupun üzvləri sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşüb, maarifləndirici söhbətlər aparıblar.
Sakinlərə xəstəliyin yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyi, gigiyenik qaydalara düzgün riayət olunması tövsiyə edilib. Ölkəmizdə pandemiya ilə mübarizədə görülən bütün işlərin kökündə vətəndaşların sağlamlığının qorunmasının dayandığı bir daha vurğulanıb. Dövlətin və onun rəhbərinin COVID-19-la mübarizədə gördüyü işlərə hər bir vətəndaşın dəstək olması qeyd olunub. Bildirilib ki, kimliyindən, vəzifəsindən asılı olmadan hər bir vətəndaş bu məsələdə məsuliyyətli olmalı, birlik və həmrəylik nümayiş etdirməlidir. Dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq üçün də ilk növbədə hər bir vətəndaş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə əməl etməlidir.