İQTİSADİYYAT
Təxirə salınmış Bakı-Naxçıvan-Bakı aviareyslərinin bu gün həyata keçirilməsi planlaşdırılır
Bakı, 20 noyabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sərnişinlərinin daşınması üçün hazırda bütün lazımi tədbirləri görür.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-də təxirə salınmış “J2-251” (saat 07:00) və “J2-253” (saat 11:50) reyslərinin sərnişinləri dekabrın 20-də müvafiq olaraq saat 12:00 və 12:30-da, Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-də təxirə salınmış “J2-252” (saat 10:20) və “J2-254” (saat 15:10) reyslərinin sərnişinləri isə bu gün saat 14:20 və 14:50-də yola düşəcəklər.
Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar.
AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.
Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.