DÜNYA
The Guardian: “Şimal axını”nda qaz sızması ətraf mühitə dağıdıcı təsir göstərəcək
Bakı, 29 sentyabr, AZƏRTAC
“Şimal axını” kəmərlərində baş verən insident nəticəsində dənizə sızan böyük miqdarda təbii qaz ətraf mühitə görünməmiş zərər vuracaq.
AZƏRTAC xəbər verir ki, “The Guardian” qəzeti bu barədə alimlərə istinadla məlumat yayıb. Alimlər “Şimal axını” boru kəmərlərindən Baltik dənizinə sızan metan qazının tarixdə bu qəbildən ən böyük insidentə çevriləcəyindən və ciddi iqlim risklərinə səbəb olacağından ehtiyatlanırlar.
Sızmaların dəqiq həcmi hələlik məlum deyil, lakin təxmini hesablamalara görə, iqlimə mənfi təsirinin miqyasına görə karbon qazından sonra ikinci yerdə dayanan 100-350 min ton metandan söhbət gedir. Təxmin edilən ilkin dəyərləndirmə təsdiqlənərsə, bu, 2015-ci ildə Kaliforniyada baş verən ABŞ tarixinin ən böyük oxşar fəlakəti zamanı sızan metanın miqdarından ən azı iki dəfə çox olacaq. Neftdən fərqli olaraq, qaz sızması dənizin flora və faunasına az təsir göstərsə də, təbiətə xeyli ziyan vuracaq və iqlim dəyişikliyini sürətləndirəcək.
Xatırladaq ki, sentyabrın 26-da “Şimal axını” və “Şimal axını-2” boru kəmərlərində qaz sızmaları qeydə alınıb. Avropa İttifaqı Baltik dənizindən keçən hər iki kəmərdə qəzanın bilərəkdən törədildiyi qənaətini gəlib. Bu təxribatınarxasında hansısa dövlətin dayandığı istisna edilmir.