SİYASƏT
“The Holland Times” qəzetində müstəqilliyimizin 103-cü ildönümü ilə bağlı məqalə dərc olunub
Haaqa, 27 may, AZƏRTAC
Niderland Krallığının “The Holland Times” qəzetində “Azərbaycan müstəqilliyinin 103-cü ildönümünü qeyd edir” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundovdur.
Məqalədə 103 il əvvəl - 28 may 1918-ci il tarixində Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu, bu respublikanın ərazisinin müasir Azərbaycan ərazisi ilə müqayisədə daha çox - 114 min kvadrat kilometr olduğu, fəaliyyət göstərdiyi müddətdə AXC-nin Azərbaycanın həyatında önəm daşıyan çoxsaylı islahatlar həyata keçirdiyi qeyd edilib. Bildirilib ki, Şərqdə və müsəlman dünyasında ilk dəfə Azərbaycanda qadınlara seçki hüququ verilib.
AXC-nin varisi müasir Azərbaycan Respublikasının Cənubi Qafqazda irimiqyaslı layihələrin təşəbbüskarı olmasından, “Formula 1 Qran Pri” yarışlarına, Avroviziya mahnı yarışması, Avropa Oyunları, 2021 Avropa Futbol çempionatı kimi bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, COVID-19 pandemiyası şəraitində Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində vəsait köçürməsindən, eləcə də dünyanın 30-dan çox ölkəsinə müxtəlif maddi, tibbi və humanitar yardım göstərməsindən söz açılıb.
Məqalədə ölkəmizlə bağlı maraqlı faktlar paylaşılıb, Azərbaycanın qədim neft tarixi və ənənələri, Azərbaycanın “Odlar Yurdu” - odun simvolu olmasından, Şərqdə ilk opera və baletin Azərbaycanda səhnələşdirilməsindən danışılıb.
Vurğulanıb ki, Qarabağda yerləşən Azıx mağarası Avrasiyada ən qədim insan yaşayış məskənidir. Azərbaycan dünyanın ən çoxsaylı palçıq vulkanlarına sahibdir. Bütün dünyada məşhur olan qədim Azərbaycan xalçaçılıq sənəti haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, “The Holland Times” qəzeti 80 min tirajla nəşr olunur və geniş oxucu auditoriyasına malikdir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa