MƏDƏNİYYƏT


“The Jakarta Post”: Gözəl Bakı – məhəbbət və əfsanələr şəhəri

Cakarta, 24 fevral, AZƏRTAC

Fevralın 24-də İndoneziyanın “The Jakarta Post” qəzeti bu yaxınlarda Azərbaycanda səfərdə olmuş müxbiri Viramala Ancayanın Bakı şəhərinin gözəlliyindən bəhs edən məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, “Gözəl Bakı – məhəbbət və əfsanələr şəhəri” adlı məqalədə müəllif indoneziyalı oxuculardan ilk olaraq Avropa və Asiyanı birlikdə görmək istədiklərini, müxtəlif iqlim qurşaqlarında eyni vaxtda olmağı və dənizə çıxışı olmasa da, 650 kilometr uzunluğunda sahilə və özünəməxsus gözəlliklərə malik bir ölkəyə səfər etməyi arzuladıqlarını soruşur. Özü də cavabında bildirir ki, əgər bütün bunların hamısını birlikdə görmək istəyirsinizsə, mütləq Cənubi Qafqazın neftlə zəngin ölkəsi olan Azərbaycana səfər edin. Qeyd edir ki, Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan həm də özündə Şərq və Qərb mədəniyyətini birləşdirir. Vurğulayır ki, ikinci adı Odlar Yurdu olan Azərbaycan qədim atəşpərəstlərin vətəni olmaqla yanaşı, həm də dünyada mövcud olan 11 iqlim qurşağından doqquzuna malikdir.

Fevralın 9-da keçirilən parlament seçkilərini müşahidə etmək üçün Milli Oyanış Partiyasının Nümayəndələr Palatasındakı üzvü Anqia Ermarini, jurnalist Mohamad Entoni ilə birlikdə Azərbaycan hökuməti tərəfindən bu ölkəyə dəvət edildiyini xatırladan müəllif bu imkandan istifadə edərək sürətlə inkişaf edən Bakının gözəlliyindən də zövq aldığını bildirir. O, Bakının hazırda dünyanın ən populyar turizm istiqamətlərindən birinə çevrildiyini vurğulayır. Qeyd edir ki, dəniz səviyyəsindən 30 metr aşağıda yerləşən Bakı həm də möcüzələri, əfsanələr, məhəbbət dastanları, müasir tikililəri, gözəl parkları, bulvarı və küçələri ilə diqqəti cəlb edir.

Bakının həm tarixi, həm də müasir tikililəri ilə göz oxşadığına diqqət çəkən indoneziyalı jurnalist burada UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qız Qalası, İçəri şəhər, Şirvanşahlar sarayı kimi tarixi abidələrin yerləşdiyini bildirir. Maraqlı möcüzələri ilə diqqəti cəlb edən bu diyarda Yanardağ kimi təbiət möcüzəsinin turistlər tərəfindən böyük maraqla qarşılandığını qeyd edir.

Bildirir ki, XX əsrin sonu, XXI əsrin əvvəllərində növbəti dəfə baş verən neft bumu Bakının qlobal dizaynerlərin müsabiqə yerinə çevrilməsinə, qısa zamanda burada ultramüasir və futuristik binaların sayının sürətlə artmasına səbəb olur. Həmin tikililər Bakını əvvəllər olduğundan daha müasir və daha gözəl görkəmə salır. Həmin tikililər sırasında müasirliyi və möhtəşəmliyi ilə diqqəti cəlb edən “Alov qüllələri”, orijinal memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Atəşgah məbədi, Hökumət evi, Kiçik Venesiya, Bibiheybət məscidi kimi binaların xüsusi yer tutduğunu vurğulayır.

Bakıya gedən bütün turistləri öz əsrarəngiz tamı ilə heyran edən Azərbaycan mətbəxinə toxunan müəllif milli yeməklərimizin özünəməxsusluğu ilə şöhrət qazandığını qeyd edir. Bakının öz gözəlliyi ilə onu görənləri heyran qoyduğunu diqqətə çatdıran jurnalist burada bir çox məşhur filmlərin lentə alındığını da xatırladır. Eyni zamanda, Azərbaycan paytaxtının mühüm beynəlxalq tədbirlərin, idman və musiqi yarışlarının keçirildiyi dünya miqyaslı mərkəzlədən birinə çevrildiyini vurğulayır. Qeyd edir ki, cari ildə Bakıda futbol üzrə Avro-2020-nin bir sıra oyunları da keçiriləcək. İndoneziyalı turistlərə mütləq Bakıya səfər etməyi tövsiyə edən müəllif buranın həm də küləklər şəhəri kimi tanındığını qeyd edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.