CƏMİYYƏT
Tibb işçilərinin həvəsləndirici əlavələrinin artırılması sahəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub
Bakı, 17 dekabr, AZƏRTAC
İcbari tibbi sığortanın tətbiqindən əvvəlki vaxtla müqayisədə hazırda minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 145 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqısı isə orta hesabla 18 dəfə artıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Qeyd edilib ki, ötən müddətdə minimum vəzifə maaşı alan qeyri-tibb heyətinin əməkhaqqı orta hesabla 40 faiz, maksimum vəzifə maaşı alanın əməkhaqqı isə orta hesabla 9 dəfə artıb. Göstəricilərdən də göründüyü kimi əməkhaqlarında icbari tibbi sığortanın tətbiqi nəticəsində artım müşahidə olunub. Bununla belə, gələcəkdə həvəsləndirici əlavələrin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub.
Məlumata əsasən, agentlik tərəfindən səhiyyə işçilərinin əməkhaqlarının artırılması məqsədilə bu il müvafiq Qaydaya dəyişiklik edilib. Dəyişikliyə əsasən, tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılaraq 21-ə çatdırılıb. İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Yeni dəyişikliklə həkimlərə verilən işin nəticələrinə görə, aylıq həvəsləndirici əlavələrin məbləğinə tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun əmsallar tətbiq edilib.
Məqsəd səhiyyə işçilərini həvəsləndirmək, vətəndaşlara keyfiyyətli tibbi xidmətlər göstərilməsinə imkan yaratmaqdır.