CƏMİYYƏT


Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası ilə əlaqədar müzakirələr aparılıb

Bakı, 18 mart, AZƏRTAC

Bu ilin fevralında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası ilə əlaqədar beşgünlük təlimlər keçirilib. Həmin təlimlərdə ABŞ-dan dəvət olunmuş mütəxəssislər - Viskonsin Tibb Kollecinin plastik cərrahiyyə kafedrasının fəxri professoru David Larson və Oreqon Sağlamlıq və Elm Universitetinin fəxri professoru James D. Smith ABŞ-da rezidentura təhsili sistemi, komitə sertifikasiyası, tibbi lisenziya və ixtisas təhsilinin tanınması, o cümlədən müxtəlif ölkələrdəki rezidentura təhsili sistemləri haqqında məlumatlar veriblər.

Həmin prosesi təkmilləşdirmək məqsədilə Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və təhsil müəssisələrinin nümayəndələri arasında müzakirələr aparılıb. Beş gün davam edən təlimlərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nümayəndələri də iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, təlimlərdə əldə olunan məlumatları təhsil müəssisəsinin professor-müəllim heyətinə çatdırmaq üçün həmin məsələ ilə əlaqədar iclas keçirilib.

İclasda terapiya fakültəsinin dekanı, dosent Zemfira Quliyeva ətraflı çıxış edərək iştirakçılara sertifikasiya imtahanı proseslərinin müxtəlif növləri və onların müsbət və mənfi cəhətləri, çoxseçimli sualların yazılması qaydaları, onların düzgünlüyünün və etibarlılığının qiymətləndirilməsi, fundamental elm sahələri üzrə sualların yazılması təcrübəsi haqqında məlumat verib və ətraflı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.