REGİONLAR
Tibbi aksiya: ahıl və xəstə insanlar evlərində müayinə olunurlar
İsmayıllı, 18 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 12-dən başlanan əhalinin tibbi müayinə aksiyası İsmayıllı rayonunda da mütəşəkkil həyata keçirilir.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə mütəxəssislərdən və məsul şəxslərdən ibarət komissiya və işçi qrupları yaradılıb. Müayinə başlananadək təchizat problemləri həll edilib, tibb müəssisələri tam hazırlıq vəziyyətinə gətirilib. Mərkəzi xəstəxana, poliklinika şöbəsi, uşaq poliklinikası, Lahıc qəsəbə və İvanovka kənd xəstəxanaları daxil olmaqla, 16 yerdə əhalinin tibbi müayinəsi aparılır. Bu günədək 3146 nəfər tibbi müayinədən keçirilib. Onlardan 69 nəfər ambulator, 14 nəfər stasionar müalicəyə cəlb olunub, 11 nəfər isə respublikanın ixtisaslaşmış müalicə müəssisələrinə göndərilib.
Aksiya zamanı ahıl və xəstə insanlar evlərində müayinədən keçirilirlər. Belə insanlardan biri də 92 yaşlı Zalikə Baxşıyevadır. Şəhərin Heydər Əliyev prospekti 13 nömrəli evdə yaşayan Zalikə Baxşıyevanı evində müayinə edən həkimlər, onu və yaxınlarını səhhəti barədə məlumatlandırıblar.
Müayinədən keçən İlham Abbasov, Oqtay Süleymanov, Kamran Muradov, Lətifə Əliyeva və başqaları belə nəcib təşəbbüsə, hər bir vətəndaşın sağlamlığının qayğısına qaldığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.