İQTİSADİYYAT
Ticarət obyektlərində qaydalara ciddi riayət edilməlidir
Bakı, 8 iyul, AZƏRTAC
İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, Məcəllənin 211-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər həmin işlər üzrə inzibati icraata başlamış Daxili İşlər Nazirliyinə, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilən şirkətlərə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərinə tam riayət edilməsi məqsədilə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmasını, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və sair) təmin olunmasını, obyekt daxilində müştərilər arasında 2 metrlik məsafənin qorunmasına ciddi nəzarət edilməsini tövsiyə edib.
Bundan sonra maskasız alıcıların obyektə daxil olmasına icazə verilməyəcək. Obyekt daxilində mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, ticarət obyektində alıcıların sayına nəzarət olunması və zərurət yarandıqda istehlakçıların növbə ilə girişinin təmin edilməsi də əsas şərtlərdəndir.
İqtisadçı ekspert Mahmud Abasquliyev dəyişikliyi xülasə edərək bildirib ki, xidmət müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli tədbirlər bunlardan ibarətdir:
- müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və sair) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması;
- müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;
- bütün ərazilərin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin olunması;
- birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi;
- əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə təmin olunması;
- xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi;
- istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv olunması;
- müəssisədə növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrinin təmin edilməsi;
- qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən az olmamasının təmin edilməsi;
- qida qəbulu zallarında yemək masaları arasındakı məsafənin 2 metrdən az olmamasının təmin edilməsi;
- zalların və otaqların mütəmadi havalandırılması.
Bu qaydaların pozulmasına görə cərimələr tətbiq edilir. Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2 min manatdan 5 min manatadək cərimələnir. Bu qaydalara ciddi şəkildə riayət edilərsə, koronavirus pandemiyasının yayılmasının qarşısını ciddi şəkildə almış olarıq. Hər şey öz əlimizdədir. Unutmayaq ki, koronavirus alacağımız tədbirlərdən güclü deyildir. Koronavirusa birlikdə qalib gələk.