İQTİSADİYYAT
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib YENİLƏNİB
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakıda ekspertizası tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin aparat rəhbəri Anar Quliyev respublikada Prezident İlham Əliyev tərəfindən şəhərsalma sahəsində həyata keçirilən islahatlardan danışıb. Qeyd edib ki, sözügedən islahatlar nəticəsində ölkədə sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin yaradılması sahəsində mühüm tədbirlər görülüb.
Elektron müraciət sisteminin əhəmiyyətindən danışan komitə rəsmisi sistemin bu gündən fəaliyyətə başladığını və 10 gün ərzində tikinti obyektlərinə texniki icazə almağın mümkünlüyünü söyləyib.
Onun sözlərinə görə, təsdiq edilmiş yeni qaydaya əsasən, icazə üçün tələb olunan sənədlərin sayı 18-dən 7-yə düşüb, bununla bağlı xərclər isə 6500 manatdan 1500 manatadək azalıb. Bütün bunlar onu göstərir ki, bu sahədə aparılan islahatlar öz bəhrəsini verir.
A.Quliyev, həmçinin nəzərə çatdırıb ki, "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman tikintisi bu il yanvarın 1-nə qədər başa çatmış, təxminən 400 bina ilə bağlı müvafiq addımın atılmasını nəzərdə tutur. Fərmanda çox dəqiq mərhələlər qeyd olunub və bu işlə məşğul olacaq dövlət orqanları müəyyənləşdirilərək, hər birinə konkret tapşırıqlar verilib: “Belə ki, 2 ay ərzində Fövqəladə Hallar Nazirliyində (FHN) çoxmənzilli binaların sayı bir daha dəqiqləşdirilərək hər birinin müayinəsi aparılacaq və onların dayanıqlılığı, texniki təhlükəsizliyi və istismara hazır olması barədə rəy veriləcək. Rəy verildiyi gündən tikintiyə icazə verən orqana, yəni Bakı şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhərlərdə isə aidiyyəti icraedici orqana ötürüləcək və 7 gün ərzində istismara icazənin verilməsi təmin olunacaq”.
Aparat rəhbəri bildirib ki, elektron müraciət sisteminin tətbiq olunmasının əsas məqsədi bu sahədə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, ümumilikdə prosesin sadələşdirilməsi və vətəndaşlarla məmurlar arasında əlaqələri minimuma endirməklə yanaşı, şəffaflığı təmin etməkdir.
Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov istifadəyə verilən elektron müraciət sisteminin prinsipi və müsbət cəhətlərindən söz açıb.
Bildirib ki, təqribən 1 həftə ərzində ərsəyə gələn sistem sadə formada hazırlanaraq, şəxsi kabinet prinsipi ilə təmin olunub. Tikintiyə icazə və digər məsələlər müraciətlər əsasında elektron formada reallaşdırılacaq. Bütün proseslər aidiyyəti dövlət qurumlarını əhatə edəcək.
Tədbirdə sistemin fəaliyyəti və ondan istifadə qaydaları barədə videoçarx nümayiş olunub.