İDMAN
“Toro Rosso”nun pilotu Pyer Qasli Azərbaycan Qran-Prisi ilə bağlı ümidlərini bölüşüb
Bakı, 26 aprel, AZƏRTAC
“Toro Rosso”nun pilotu Pyer Qasli aprelin 27-dən 29-dək Bakı şəhər trasında keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı ümidlərini bölüşüb.
AZƏRTAC-ın məlumatına görə, Pyer Qasli Bakı trasının özünəməxsusluğundan danışıb. “Şəhər trası olduğundan burada risk iki dəfə artıqdır, çünki divarlarla əhatə olunub. Bundan başqa, son dərəcə sürətli trasdır. Bu, yürüşçülər üçün maraqlı olsa da, eyni zamanda, təhlükəlidir. İndi isə həmin yürüşdə iştirak etməyimə sevinirəm. Ümid edirəm ki, bizim üçün hər şey uğurlu alınacaq.
Qala divarları yaxınlığındakı hissə - mövsümdə ən dar dalandır. Bu hissədə çox şey qazanmaq və çox şey itirmək olar. Çünki kifayət qədər aşağı sürət lazımdır. Siz hasara alınmış hissənin bir neçə santimetrliyindən keçirsiniz. Bu isə fikrin bir yerə cəmlənməsinin ən son həddini tələb edir. Bu, elə trass deyil ki, daxili porebrikdə bir az geniş sürmək, sonra da otun üzərində sürüb təkərlərin tozunu göyə qaldırmaq mümkün olsun. Xeyr, əgər bir az geniş sürsəniz, baryerə dəyəcəksiniz və sizin üçün hər şey bitəcək!
Trasın orta hissəsi çox maraqlıdır, həm də yüksək texnikalıdır. Bu hissədə ötüb keçmək olar, əsasən də uzun, düz yolda. Bakıda “GP2” yürüşündə mən finişdə ikinci oldum. Bu, çox maraqlı idi! Mən son dövrəyədək qələbə uğrunda mübarizə aparırdım. Startda 18-ci idim, finişdə 2-ci oldum. Bu, coşqun yürüş idi, yaddan çıxarmaq qeyri-mümkündür”, - deyə P.Qasli bildirib.