REGİONLAR


Toxumçuluq təsərrüfatlarında monitorinqlər davam edir

Bakı, 21 sentyabr, AZƏRTAC

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən 2018-ci ildə dövlət və özəl toxumçuluq təsərrüfatlarında istehsal olunmuş və kondisiyaya çatdırılmış payızlıq dənli-taxıl (buğda və arpa) toxumlarının sertifikatlaşdırılması üçün toxumçuluq təsərrüfatlarında monitorinqlər davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kondisiyaya çatdırılmış buğda və arpa toxumlarının dağlıq və dağətəyi, o cümlədən aran bölgələrində istehsalçı fermerlərə optimal müddətdə satılması məqsədi ilə sertifikatlaşmaya hazır toxumlara baxış keçirilməsinə başlanılıb.

Bu məqsədlə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əmri ilə Dövlət Xidmətinin və onun yerli qurumlarının mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət 9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin (RTSM) xidmət göstərdiyi 44 rayonun toxumçuluq təsərrüfatlarında monitorinq həyata keçirib və hazırda bu proses başa çatmaq üzrədir. Dövlət Xidmətinin rəhbərliyi tərəfindən bu tədbirin həyata keçirilməsində iştirak edən bütün mütəxəssislərə şəffaflığın təmin olunması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Dövlət xidmətinin mütəxəssisləri Bərdə (Bərdə, Ağdam, Yevlax, Goranboy, Tərtər) və Beyləqan (Beyləqan, İmişli, Ağcabədi, Füzuli) Regional Toxum Sertifikatlaşdırma mərkəzlərinin əhatə etdiyi rayonlarda toxumçu fermerlərin iştirakı ilə toxumçuluq təsərrüfatlarına, toxumun anbarda saxlanılmasına, qablaşdırılmasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya çatdırılmasına baxış keçiriblər. Kondisiyalı toxumlara baxış zamanı Bərdə RTSM üzrə 3867 ton (26 təsərrüfatda), Beyləqan RTSM üzrə 2143 ton (22 təsərrüfatda) təmizlənmiş toxum qeydiyyata alınıb. Qeydiyyata alınmış toxum partiyalarından müvafiq RTSM-nin mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülüb. Hazırda toxumların keyfiyyət analizləri davam edir. Keyfiyyət göstəriciləri (təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı və s.) müvafiq standartların tələblərinə cavab verən toxumlar həmin RTSM tərəfindən sertifikatlaşdırılır.

Digər bölgələrdə də monitorinqlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.