CƏMİYYƏT
Treninqlər dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılmasına kömək edir
Bakı, 13 mart, AZƏRTAC
Prezident seçkiləri ilə əlaqədar maarifləndirici treninq 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasında da təşkil olunub.
AZƏRTAC xəbər verir ki, treninqdə plana uyğun olaraq, məntəqə seçki komissiyasının sədrləri və üzvləri iştirak ediblər. Bundan başqa, yaradılan müvəqqəti məntəqələrin, eləcə də seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də treninqlərə cəlb ediliblər.
Mərkəzi Seçki Komissiyasının təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqdə dairə seçki komissiyasının sədri İlham Bayramov bildirib ki, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə 32 seçki məntəqəsi var. Bu məntəqələrdə 39 min 220 seçici qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatlarına uyğun olaraq hazırlıq tədbirləri həyata keçirilir, məntəqələrdə bütün lazımi şərait yaradılıb, 10 məntəqədə veb-kamera quraşdırılıb.
Qeyd olunub ki, namizədlərin təşviqatı mərhələsində seçicilərlə açıq və qapalı yerlərdə görüş yerləri müəyyənləşdirilib. Həmçinin hər seçki məntəqəsinin önündə namizədlərin təşviqat materiallarının asılması üçün lövhələr yenilənərək quraşdırılıb.
Məlumat verilib ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb. Aşağı seçki komissiyaları üçün 3 günlük treninqdə trenerlər iştirakçıları səsvermə günü onların görəcəkləri işlərlə, seçki məntəqələrinin açılışına hazırlıqlarla, səsvermə saatlarında həyata keçiriləcək tədbirlərlə bağlı təqdimatlarla və slaydlarla izahlı şəkildə məlumatlandırırlar.
Sonra trenerlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.