MƏDƏNİYYƏT
Tullantılardan hazırlanan əsl sənət nümunələri: Zirehli at, Qala qoyunu, dəmir tar VİDEO
Bakı, 26 sentyabr, AZƏRTAC
Bakıda yerləşən "Tullantıdan Sənətə” muzeyi ən çox ziyarət olunan muzeylərdəndir. Muzeyi digərlərindən fərqləndirən əsas özəllik burada sərgilənən eksponatların lazımsız əşyalardan və məişət tullantılarından hazırlanmasıdır.
AZƏRTAC xəbər verir ki, muzeydə yerli və əcnəbi sənətkarların 180-ə yaxın müxtəlif sənət nümunələri sərgilənir. Plastik qablar, sellofanlar, maşın hissəcikləri, sıradan çıxmış elektrik lampalarından hazırlanmış əsərlər ziyarətçilərin böyük marağına səbəb olur.
Tullantılardan hazırlanan müxtəlif sənət nümunələrinin təqdim olunduğu muzeyin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onlara lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Bu muzey tullantıların lazımsız əşyalar olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü sübut edir. Burada insanların lazımsız və yarasız hesab edərək atmış olduqları dəmir parçalardan zirehli adı verilmiş at kompozisiyası, yararsız elektrik lampalardan hazırlanan Qala qoyunu, plastik tullantılardan dinozavr, avtomobil hissələrindən milli musiqi alətimiz olan tara sənətkarlar ikinci nəfəs veriblər.
Qeyd edək ki, “Tullantıdan Sənətə” muzeyi 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb.
Muzeyə giriş ödənişsizdir.