REGİONLAR
Tur-aksiya iştirakçısı: Quba Soyqırımı Memorial Kompleksində tarixə virtual səyahət etdik
Quba, 20 noyabr, Elxan Yusifli, AZƏRTAC
Artıq üçüncü gündür ekskursiyamız davam edir. Quba və Qusarın görməli yerləri ilə tanış olduq. Sabah Xaçmaz şəhərinə gedəcəyik. Tur-aksiya maraqlı proqram üzrə keçirilir. Bizim üçün rahat avtobuslar təşkil olunub. Özümüzü çox rahat və sərbəst hiss edirik. Bu gün Quba Soyqırımı Memorial Kompleksində ermənilərin törətdiyi soyqırımlar haqqında öyrəndik. Bu haqda əvvəlcədən də məlumatlı idik. Amma burada faktlarla yerində tanış olduqca sanki həmin illərə, tarixə virtual səyahət edirdik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Şəbnəm Qəmbərova söyləyib.
Tərtər rayon Mehman Həsənov adına Köçərli kənd tam orta məktəbin XI sinif şagirdi şimal bölgəsinə ekskursiyadan məmnun qaldığını bildirib.
“Tur-aksiya təşkilatçılarına, xüsusilə Prezidentimizə minnətdarlığımı bildirirəm. Tətil günlərini bu cür səmərəli keçirməyimiz məktəbə qayıtdıqdan sonra dərslərimizi daha həvəslə oxumağa stimul verir. Gördüklərimiz barədə sinif yoldaşlarımıza, valideynlərimizə danışacağıq. Səfərdən çox razı qaldım”, - deyə Şəbnəm Qəmbərova qeyd edib.