MƏDƏNİYYƏT
“Turizm ili” çərçivəsində hazırlanan yeni sistem xarici və yerli turistlərin qarşısında geniş imkanlar açacaqdır
Bakı, 3 may (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin “Turizm Məqsədli Coğrafi İnformasiya və Naviqasiya Sistemi” layihəsi əsasında “Sinam” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış saytın elektron xəritəsinə 60 min maraq nöqtəsi, 70 şəhər, 4 min 530 yaşayış məntəqəsi, 3 min 300 mədəni-tarixi abidə, 670 min bina və tikili, 43 min kilometr yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23 min 770 kilometr yaşıllıq sahələri və s. haqqında məlumat daxil edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 3-də Bakı Turizm İnformasiya Mərkəzində GoMap.az onlayn turist portalının fəaliyyəti çərçivəsində aparılan araşdırmalara həsr olunmuş mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov demişdir. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi ilə əlaqədar yaradılmış bu sistem xarici turistlər və ölkə vətəndaşları üçün geniş imkanlar açacaqdır. F.Qurbanov məlumat vermişdir ki, hazırda Azərbaycanın elektron xəritəsi üzərində iş davam etməkdədir.
“Sinam” şirkətinin prezidenti Elçin Əliyev Azərbaycan Respublikasının Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmiş ərazilərinin bu xəritədə daha ətraflı əks olunması üçün görülən işlər haqqında məlumat vermişdir. Demişdir ki, portalda işğal altında olan rayonların mövcud vəziyyəti əks olunmuşdur. Ancaq biz istəyirik ki, həmin ərazilərin əvvəlki görkəmini də dünyaya göstərə bilək. Bunun üçün ölkə ictimaiyyətini, xüsusilə məcburi köçkünləri əməkdaşlığa dəvət edirik.
Konfransda Mədəniyyət və Turizm Nazirliyinin işğal olunmuş rayonlarda yer adlarının dəyişdirilməsinin qarşısını almaq istiqamətində gördüyü işlər də nəzərə çarpdırılmışdır.