ELM VƏ TƏHSİL


Turizm və Menecment Universiteti ilə İtaliyanın Romualdo del Bianko Fondu arasında əlaqələr genişlənir

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və İtaliyanın Romualdo del Bianko Fondunun təşkilatçılığı ilə “Qlobal pandemiyadan sonra turizm məkanlarında həyatın yenidən canlandırılması” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə ilk dəfə olaraq Romualdo del Bianko Fondunun rəsmi şəxsləri də iştirak ediblər.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, əvvəlcə ATMU-nun təmsilçiləri Romualdo del Bianko Fondunun fəaliyyəti ilə tanış olublar.

Universitetin rektoru İlham Mədətov rəhbərlik etdiyi ali məktəb ilə Fond arasında mövcud əməkdaşlığın perspektivlərindən, İtaliya və ölkəmiz arasında gündən-günə inkişaf edən əlaqələrin yeni mərhələsindən bəhs edib. Fond və ATMU arasında nəzərdə tutulan yeni layihə çərçivəsində ATMU tələbələrinin də ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin turizm imkanlarının tanıtımında iştirakı xüsusi dəyərləndirilib.

İlham Mədətov Romualdo del Bianko Fondunun “Qlobal pandemiyadan sonra turizm məkanlarında həyatın yenidən canlandırılması” mövzusunda müxtəlif onlayn tədbirlərin təşkilinin təsadüf olmadığını deyib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə ATMU tələbələrinin Şuşa şəhərinin yeni turizm məkanı kimi tanıdılması istiqamətinə cəlb olunması həm önəmli, həm də məsuliyyətlidir.

Xatırladaq ki, Romualdo del Bianko Fondu İtaliya Respublikasında fəaliyyət göstərən nüfuzlu və qabaqcıl təşkilatlardan biri olub, mədəni irs, mədəni turizm və mədəniyyətlərarası dialoq çərçivəsində beynəlxalq tədbirlərin təşkili, elmi araşdırmaların aparılması və sair istiqamətlərdə fəaliyyət göstərir. ATMU ilə dörd il əvvəl başlanan əməkdaşlıq əlaqələri çərçivəsində universitetin nümayəndələri tərəfdaş təşkilatın keçirdiyi tədbir və sərgilərə qatılıb, uyğun mövzulu müzakirələrin iştirakçısı olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.