ELM VƏ TƏHSİL
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları UNEC-də
Bakı, 6 avqust, AZƏRTAC
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları “UNEC-i tanı” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar. Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
İxtisas seçimləri dövründə UNEC-də 400-dən artıq abituriyentlə görüş keçirilib, onlara ixtisas seçimində dəstək göstərilib, universitet barədə ətraflı məlumat verilib.
“UNEC-i tanı” layihəsinin budəfəki iştirakçıları ölkədə ən yüksək bal toplayan abituriyent sayına görə öndə olan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları olub. Liseyin II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentləri UNEC-in beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Anar Rzayevlə görüşüblər.
Görüş zamanı abituriyentlərə UNEC-in xüsusi təqaüd, xarici universitetlərlə ikili diplom, UDİD və beynəlxalq mübadilə proqramları barədə ətraflı məlumat verilib. Bildirilib ki, 600-dən yüksək bal toplayanlar UDİD proqramına 50 faizlə güzəştlə qoşulacaqlar. Universitetin Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil almaq istədiklərini bildirən abituriyentlər ali məktəbin tələbələri üçün yaratdığı imkanları maraqla qarşılayıblar.
Layihədə iştirak etmək istəyənlər ixtisas seçimi günlərində şəxsiyyətlərini təsdiq edən vəsiqə ilə həftənin I-V günləri saat 9:00-18:00-dək UNEC-in əsas tədris binasına gələ bilərlər.