İQTİSADİYYAT
Türkiyə Hesablama Məhkəməsinin nümayəndə heyəti Azərbaycan Hesablama Palatasında təqdimatla çıxış edib
Bakı, 4 avqust, AZƏRTAC
Türkiyə Hesablama Məhkəməsinin audit departamentinin direktoru Arif Zencirci, auditorlar Mustafa Ersöz və Hacı Mehmet Çekici Azərbaycan Hesablama Palatasında təqdimatla çıxış etmək üçün Bakıda səfərdə olublar.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər Azərbaycan Respublikasının Hesablama Palatası və Türkiyə Hesablama Məhkəməsi arasında olan ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilib. İki gün davam edən toplantıda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, palatanın üzvləri, struktur bölmələrinin rəhbərləri və müvafiq işçiləri iştirak ediblər.
Səfərin məqsədi auditin idarəedilməsi proqramına (SayCap), kompüterə əsaslanan audit üsullarının tətbiqi (CAATs) və maliyyə məlumatlarının təhlilində istifadə olunan informasiya texnologiyaları alətlərinin tətbiqi mövzusunda təqdimatların keçirilməsindən ibarət olub. Təqdimatlarda auditin idarəedilməsi proqramı, sistemin bütün funksionallığı, ümumi prosesin əsas hissələri, rəhbərlik və işçilər səviyyəsində iştirakçıların rolları və tətbiqlə bağlı digər mühüm məlumatlar da izah edilib.