RƏSMİ SƏNƏDLƏR


Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qurucusu olduğunuz partiyanın yenidən Sədri seçilməyiniz partiya üzvlərinin Sizə olan sonsuz inam və etimadının aşkar təzahürü, Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir.

Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hərtərəfli inkişaf edir və regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, inkişafa töhfələr verir.

Qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm məqamlardır. Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti,

Yeni Azərbaycan Partiyasının Sədri

Bakı şəhəri, 18 avqust 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin