İDMAN
Türkiyə Superliqası: “Başakşehir” komandası “Trabzonspor”a qalib gəlib
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 12-də futbol üzrə Türkiyə Superliqasının ilk turunun maraqla gözlənilən mərkəzi qarşılaşmasında ötən mövsüm turnir cədvəlində ikinci sırada qararlaşmış "Başakşehir" ilə çempionatı beşinci sırada başa vurmuş "Trabzonspor" qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan komandaların oyununda “Başakşehir” rəqibinin qapısından iki cavabsız top keçirib.
İstanbul təmsilçisinin üstünlüyü şəraitində keçən matçın 43-cü dəqiqəsində meydan sahiblərinin heyətində Manuel da Costa hesabı açıb. Görüşün sonlarında isə oyuna ikinci hissədə daxil olan toqolu futbolçu Emmanuel Adebayor fərqlənib. Beləliklə, qarşılaşma 2:0 hesabı ilə İstanbul komandasının qələbəsi ilə yekunlaşıb.
Bu rəqiblər indiyədək ölkə çempionatında 20 dəfə üz-üzə gəlib. Matçların 9-da "Trabzonspor", 5-də isə "Başakşehir" qələbə qazanıb, 6 qarşılaşma isə heç-heçə yekunlaşıb.
Qeyd edək ki, tur çərçivəsində bu gün keçirilmiş digər oyunda "Konyaspor" komandası "BŞB Ərzurum" klubundan üstün olub - 3:2.