DÜNYA
Türkiyə ilə Almaniya arasında süni intellekt üzrə əməkdaşlıq məsələləri müzakirə ediləcək
Bakı, 9 avqust, AZƏRTAC
Biznes ekspertləri, tədqiqatçılar və alimlərin iştirakı ilə Berlində Türkiyə ilə Almaniya arasında süni intellekt (AI) üzrə əməkdaşlıq məsələləri müzakirə ediləcək. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, avqustun 22-də keçiriləcək tədbirdə elm aləmi və biznes dairələrinin qarşılıqlı fəaliyyəti diqqət mərkəzində olacaq. Almaniyanın İqtisadiyyat və Enerji Federal Nazirliyinin dövlət katibi Oliver Vitke bildirib ki, dünyanın gələcəyi üçün çox mühüm olan bu sahədə türk və alman iş adamlarının əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Belə ki, Ankara ticari və iqtisadi məsələlərdə Berlinin ən yaxın tərəfdaşlarından biridir. Bu kontekstdə rəqəmsal texnologiyalar üzrə yeni birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin maraqlarına xidmət edəcək. O əlavə edib ki, alman biznesmenlərinin daha çox sərmayəsini cəlb etmək üçün Türkiyə hökuməti konkret addımlar atmalıdır.
Berlin Universitetinin alimi Şahin Albayrak süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində tətbiq edilməsini Türkiyə üçün həyati əhəmiyyətli məsələ adlandırıb. Onun sözlərinə görə, ancaq belə olan halda inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq mümkündür.
Qeyd olunur ki, Çin və ABŞ-dan avtomobil sənayesində istifadə olunan texnologiyaların və süni intellektin idxalında yarana biləcək problemləri nəzərə alan Almaniya həmin qabaqcıl sahələri özü inkişaf etdirmək niyyətindədir. Belə ki, ötən il Berlin AI sektoruna 3 milyard dollar vəsait ayırıb və 2025-ci ilədək yüksək nəticələr əldə etmək məqsədilə 100 professordan ibarət qrup yaradılması barədə qərar qəbul edib.