Türkiyə səfiri Azərbaycana dəstəyini ifadə etmək üçün Moskvadakı səfirliyimizə gəlib
AzerTAg.az

Moskva, 27 yanvar, AZƏRTAC
Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumla bağlı başsağlığı vermək və ölkəsinin dəstəyini ifadə etmək üçün Moskvadakı səfirliyimizə gəlib.
AZƏRTAC xəbər verir Ki, səfir Polad Bülbüloğlu türkiyəli həmkarına İrandakı diplomatik nümayəndəliyimizə edilən hücum barədə ətraflı məlumat verib, hadisənin terror aktı olduğunu vurğulayıb, İran dövlətinin faciə ilə bağlı tam məsuliyyət daşıdığını bildirərək, diplomatik nümayəndəliklərə hücumların qəbuledilməz olduğunu söyləyib.
P.Bülbüloğlu vurğulayıb ki, hadisə zamanı həlak olmuş Orxan Əsgərov, yaralananlar Mahir İmanov və qəhrəmanlıq göstərərək terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əvvəllər Moskvadakı səfirliyimizdə xidmət ediblər.
Mehmet Samsar türkiyəli diplomatların da tarixən dəfələrlə terror hücumlarına məruz qaldıqlarını vurğulayıb, faciə ilə əlaqədar sarsıldıqlarını bildirərək, ölkəsinin hücumu qətiyyətlə pislədiyini qeyd edib. Türkiyə səfiri qətlə yetirilmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralanan Vasif Tağıyev və Mahir İmanova şəfa diləyib.
Görüşdə sözügedən terror hücumunu təşkil edən və törədənlərin layiqli cəzalarını ən sərt şəkildə alacaqlarına əminlik ifadə olunub.
Səfir Polad Bülbüloğlu göstərdiyi mənəvi dəstəyə görə Mehmet Samsara, Türkiyə dövləti və xalqına təşəkkürünü bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var