ELM VƏ TƏHSİL
Türkiyədə keçirilən beynəlxalq simpoziumda ölkəmizi Azərbaycan İlahiyyat İnstitutunun müəllimi təmsil edib
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dillər və ictimai fənlər kafedrasının müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Türkiyənin İbrahim Çeçen Universitetində keçirilən “İslam düşüncəsində insan” ikinci beynəlxalq Ahmed Hani simpoziumunda iştirak edib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, beş xarici ölkədən 71 alimin iştirakı ilə keçirilən simpoziumda böyük osmanlı alimi Ahmed Haninin İslam düşüncəsinə və mədəniyyətinə verdiyi töhfələr, yazdığı mühüm əsərlər və göstərdiyi xidmətlər haqqında məruzələr dinlənilib.
Simpoziumda A.Qafarov “İslam fəlsəfəsinin insan təsəvvüründə vicdan məfhumu - Nəsirəddin Tusi nümunəsində” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan filosofu N.Tusinin İslam düşüncəsi və mədəniyyətindəki yerindən, əhəmiyyətindən bəhs olunub. İslam əxlaq fəlsəfəsində, xüsusən də N.Tusinin fəlsəfəsində vicdan məfhumuna toxunan alim bu məfhumun mahiyyətinin İslam əxlaq düşüncəsinin əsas mənbəyini təşkil edən Quran və hədislərdə mövcud olduğunu vurğulayıb.
A.Qafarov müxtəlif beynəlxalq konfranslarda elmi mühazirələrlə çıxış edib. Tərcümə, naşir, elmi redaktor, tək və ortaq müəllifi olduğu 13 kitabı, 4 monoqrafiyası var. Ölkəmizdə və xaricdə nüfuzlu jurnallarda 20-dən çox məqaləsi dərc edilib. Gənc alimin fəlsəfi əsərləri Türkiyə universitetlərinin ilahiyyat və fəlsəfə fakültələrinin bakalavr, magistr və doktorantura təhsilində tədris vəsaiti kimi istifadə olunur.