DÜNYA
Türkiyədə koronavirusa qarşı məhdudiyyətlərin yumşaq şəkildə aradan qaldırılması planlaşdırılır
Ankara, 20 fevral, AZƏRTAC
Türkiyədə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan məhdudiyyətlərin martın 1-dən etibarən yumşaq şəkildə aradan qaldırılması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabından paylaşım edib. Nazir bildirir ki, yumşaq normallaşma dövrü yerində qərar vermə prinsipi ilə həyata keçiriləcək. Yəni, vilayətlər üzrə COVID-19 infeksiyasının yayılma vəziyyəti təhlil ediləcək və dörd risk qrupu üzrə dəyərləndirmə aparılıb, yerli hakimiyyətlər tərəfindən qərarlar qəbul olunacaq.
Qeyd edək ki, hazırda Türkiyədə koronavirusa gündəlik yoluxma sayı 7-8 min nəfər, ölüm halı isə 85-100 nəfər həddindədir.
Virusa qarşı ən ciddi tədbirlərdən biri “Evdə qal!” rejimidir ki, bu da iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 05:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.
Çindən alınan “Sinovac” vaksinini ilə peyvənd olan şəxslərə fevralın 11-dən başlayaraq ikinci dozanın vurulmasına başlanılıb. Hədəf ölkə əhalisinin 60 faizinin vaksin olunmasını təmin etməkdir. Türkiyə 15 milyon doza “Sinovac” vaksini alıb və 100 milyon doza vaksinin almaq üçün anlaşma əldə edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara