CƏMİYYƏT
Türkiyəli psixoloq: Həkimlərimiz bir ay ərzində Azərbaycanda şəhid ailələrinə və qazilərə psixoloji dəstək göstərəcəklər
Bakı, 21 yanvar, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində işğal altındakı Qarabağı azad edən Azərbaycan Ordusunun gücünü, xalqının cəsarətini bütün dünyaya göstərdi. Buna görə Azərbaycan Prezidenti İlham Əliyev və rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı bildiririk. İşğal altındakı torpaqların azad edilməsi bizi və türk xalqını son dərəcə sevindirdi. Təəssüf ki, bu müharibədə azərbaycanlı qardaşlarımız da şəhid olublar. Müharibədən sonra insanlarda müəyyən mənəvi-psixoloji problemlər özünü göstərir. Bu problemləri yaşayan vətəndaşların psixoterapevtik müalicəsinin təşkili məqsədilə Bakıya gəlmişik. Həkimlərimiz bir ay ərzində Azərbaycanda şəhid ailələrinin üzvlərinə, qazilərə və müharibədən zərər çəkmiş şəxslərə yardım etmək üçün əllərindən gələni edəcəklər. Rəhbərlik etdiyim nümayəndə heyəti Türkiyənin müxtəlif bölgələrindən təcrübəli psixoloq-mütəxəssislərdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardım etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizə gələn qardaş Türkiyənin peşəkar klinik-psixoloq və psixoterapevtlərindən ibarət nümayəndə heyətinin rəhbəri Selçuk Demirtaş jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanın Vətən müharibəsindən sonra Türkiyənin müxtəlif bölgələrindən azərbaycanlı qardaşlarımızın psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardım etməyə gəlmək istəyən həkimlərimiz, psixoloqlarımız, psixiatrlarımız könüllü müraciət ediblər. Bütün sahələrdə olduğu kimi, bu sahədə də Türkiyə qardaş Azərbaycanın yanındadır və ona yardım etməyə hazırdır.
“Nümayəndə heyətinə İstanbul, Ankara, Bursa, Samsun, Adana, Urfa, Elazığ vilayətlərindən könüllü müraciət etmiş həmkarlarımız daxildir. Məqsədimiz Azərbaycandakı psixoloq-mütəxəssislərlə birgə təcrübə mübadiləsi aparmaq, təlimlər keçmək, buradakı həmkarlarımıza kömək etməkdir. Biz Bakıda və regionlarda şəhid ailələrinə və qazilərə psixoloji dəstək göstərmək üçün birgə fəaliyyət göstərəcəyik. Türkiyədə bu sahədə böyük təcrübəmiz var”, - deyə Selçuk Demirtaş vurğulayıb.