ELM VƏ TƏHSİL


Türkiyənin Kastamonu Universitetinin professoru BDU-da ustad dərsi keçib

Bakı, 27 aprel, AZƏRTAC

Türkiyə Cümhuriyyəti Kastamonu Universitetinin Elm və sənəd idarəçiliyi fakültəsinin dekanı, professor Hasan Keseroğlu Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün türk xalqlarının kitab və kitabxana mədəniyyəti fənnindən “Türkiyədə kitabxanaçılıq təhsili” mövzusunda onlayn ustad dərsi keçib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, professor Hasan Keseroğlu əvvəlcə Türkiyədə kitabxanaların yaranma tarixi barədə məlumat verib, Səlcuklar və Osmanlı dövründə fəaliyyət göstərən vəqf kitabxanaları haqqında danışıb. Türkiyədə bu sahənin Cümhuriyyət dövründə inkişaf etdiyini vurğulayan alim, Mustafa Kamal Atatürk tərəfindən xaricdə təhsil almağa göndərilən ilk tələbələr arasında kitabxanaçılıq təhsili alanların da olduğunu diqqətə çatdırıb. Xaricdə təhsil alan mütəxəssislərdən Fəhmi Ethem Karatayın 1925-ci ildə İstanbula dönərək universitet kitabxanasını qurduğunu, eyni zamanda, həmin ildən başlayaraq kitabxanaçılıq təhsili verən kurslar açdığını qeyd edib. Xaricdə təhsil alan ilk mütəxəssislərdən Nabil Buharioğlunun 1925-ci ildə Türkiyə Böyük Millət Məclisinin Kitabxanasını, Adnan Ötükənin isə 1946-cı ildə Türkiyə Milli Kitabxanasını qurduğunu bildirib. Eyni zamanda, Adnan Ötükən tərəfindən 1949-cu ildə Türk Kitabxanaçılar Dərnəyinin, 1952-ci ildə isə “Türk Kitabxanaçılığı Dərgisi”nin təsis edildiyini diqqətə çatdırılıb. Qeyd olunub ki, “Türk Kitabxanaçılığı Dərgisi” hazırda "Web of Science” elmi məlumat bazasında dünyanın nüfuzlu jurnalları sırasında yer alır.

Professor mühazirəsində bildirib ki, Türkiyədə ali kitabxanaçılıq təhsilinə 1954-1955-ci tədris ilindən Ankara Universitetində başlanılıb, 1964-cü ildən İstanbul Universitetində, 1974-cü ildən isə Hacettepe Universitetində ixtisas üzrə kadr hazırlığı aparılır. Hazırda isə Türkiyədə Yıldırım Bəyazit, Mərmərə, Kastamonu, İstanbul Mədəniyyət, İzmir Katib Çələbi universitetləri kimi nüfuzlu ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 13 universitetdə kitabxanaçı mütəxəssislər yetişdirilir. 2002-ci ilin yanvarın 29-dan Türkiyənin Ali Təhsil Şurasının qərarına əsasən ölkədə bütün kitabxanaçılıq və arxivşünaslıq ixtisasları üzrə kadr hazırlayan fakültələr Elm və sənəd idarəçiliyi adlandırılır. Hazırda daha çox elektron kitabxana, elektron kataloqlaşdırma istiqamətində kadr hazırlığı həyata keçirildiyini diqqətə çatdıran professor Türkiyədə ali kitabxanaçılıq təhsilinin Avropa modeli əsasında qurulduğunu və davamlı olaraq inkişaf etdiyini vurğulayıb.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, professor Hasan Keseroğlu dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb. Sonda qərara gəlinib ki, pandemiya dövründə fakültələr arasında mütəmadi olaraq onlayn mühazirələr təşkil edilsin, postpandemiya dövründə isə müəllim və tələbə mübadiləsi həyata keçirilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.