CƏMİYYƏT


Türkiyənin Kocaeli şəhərində fəaliyyət göstərən QHT-lər “Sülh çeşməsi” antiterror əməliyyatına dair bəyanat yayıblar

İstanbul, 15 oktyabr, AZƏRTAC

Türkiyənin Kocaeli şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələri tərəfindən Suriyada Fərat çayının şərqində aparılan “Sülh çeşməsi” antiterror əməliyyatı barədə bəyanat yayıblar.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının və Heydər Əliyev Mərkəzinin sədri Bilal Dündarın imzası ilə AZƏRTAC-a daxil olan bəyanatda bildirilir ki, Suriya sərhədindəki terrorçuların məhv edilməsi, ölkədəki miqrantların öz vətənlərinə qayıtması və bunun üçün təhlükəsiz şəraitin yaradılması baxımından Türkiyə bu əməliyyatları etməyə məcbur idi. Əməliyyat hazırda uğurla davam etdirilir.

Bəyanatda qeyd edilir ki, Türkiyənin apardığı bu haqlı mübarizədə qardaş Azərbaycanın da yanımızda olduğunu bilmək qürurvericidir. Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman olduğu kimi, bu gün də Türkiyənin yanında olduğu və bu hərəkatı dəstəklədiyi bildirilir.

Bundan əlavə, bəyanatda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycan həmişə Türkiyənin öz milli-strateji maraqları çərçivəsində həyata keçirdiyi siyasəti dəstəkləyib, habelə dost və qardaş ölkənin beynəlxalq terrorizmlə mübarizə sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirib” sözlərinin də Türkiyə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığı bildirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.