RƏSMİ SƏNƏDLƏR


Türkmənistanın Prezidenti Zati-aliləri cənab Sərdar Berdiməhəmmədova

Hörmətli Sərdar Qurbanquliyeviç,

Bu il biz Azərbaycan Respublikası ilə Türkmənistan arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, Sizə və qardaş Türkmənistan xalqına ən səmimi arzularımı çatdırıram.

Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər tarixən dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Ortaq tarixə, qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin ötən dövr ərzində dinamik inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və bu gün strateji tərəfdaşlıq xarakteri daşıması xüsusi məmnunluq doğurur.

Qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın genişlənməsində mühüm rol oynamışdır. Siyasi əlaqələrimizin yüksək səviyyəsi iqtisadiyyat, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə səmərəli işbirliyimiz ilə müşayiət olunur. Beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimiz uğurla davam edir.

Hesab edirəm ki, Azərbaycan ilə Türkmənistan arasında bütün sahələrdə, xüsusilə nəqliyyat sahəsində əməkdaşlığımızın inkişafı üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq.

Sizi bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin