İDMAN


UEFA Çempionlar Liqası: “Qarabağ” klubu İsveçrədə heç-heçə edərək mərhələ adlayıb

Bakı, 28 iyul, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrənin "Sürix" komandasının qonağı olub.

AZƏRTAC xəbər verir ki, “Letsiqrund” stadionunda oynanılan görüşdə meydan sahiblərinin start heyətində Yanik Brexer, Lindrit Kamberi, Adrian Gerrero, Fidan Aliti, Ule Selnes, Antonio Markesano, Şeyk Konde, Nikola Boraniyaşeviç, Vilfred Qnonto, Fabian Roner və Mirlind Kryeziu yer alıblar.

"Qarabağ"ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev, Ramil Şeydayev və Kevin Medina çıxıblar.

Niderlandlı FIFA referisi Allard Lindhautun idarə etdiyi matçda hesab 4-cü dəqiqədə açılıb. Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev avtoqolla yadda qalıb. Fasiləyə İsveçrə çempionu üstün yollanıb - 1:0.

Azərbaycan çempionu ikinci hissəyə daha fəal başlayıb. Matçın 56-cı dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges hesabı bərabərləşdirib. Matçın ikinci hissəsinə əlavə olunmuş vaxtda - 95-ci dəqiqədə "Sürix"in futbolçusu İvan Santini komandasını hesabda önə keçirib və qarşılaşma İsveçrə çempionunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bakıda keçirilən ilk qarşılaşmada “Qarabağ” rəqibini 3:2 hesabı ilə məğlub edib. İki oyununun nəticəsinə görə, cütün qalibini müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Matçın 98-ci dəqiqəsində "Qarabağ"ın qanalı hücumçusu Kvabena Ovusu fərqlənməklə hesabı bərabərləşdirib və bu, matçda vurulan sonuncu qol olub.

Beləliklə, görüş 2:2 hesab ilə yekunlaşıb. Bu nəticə "Qarabağ"ın növbəti mərhələyə yüksəlməsi üçün yetərli olub.

"Sürix" ilə matçda "Qarabağ"ın iki futbolçusu cəzalı duruma düşüb. Belə ki, yarımmüdafiəçilər Riçard Almeydaya və Kadi Borgesə sarı vərəqə göstərilib. Cari mövsüm 3-cü dəfə sarı vərəqə ilə cəzalandırılan futbolçular növbəti avrokubok oyununu buraxmalı olacaqlar.

Qeyd edək ki, "Qarabağ" üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” klubu ilə (Macarıstan) üz-üzə gələcək. "Sürix" komandası isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Linfild" (Şimali İrlandiya) ilə görüşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.