UKRAYNA MƏRKƏZİNDƏ GÖRÜŞ
AzerTAg.az
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakı Slavyan Universitetindəki Ukrayna Mərkəzində Ukrayna ailə, uşaq və gənclərlə iş nazirinin birinci müavini İqor Pekarevlə müəllim və professor heyətinin görüşü olmuşdur.
Universitetin rektoru, professor Kamal Abdullayev qonağı səmimi salamlayaraq bu ali məktəbin strukturu və fəaliyyəti barədə ona ətraflı məlumat vermişdir.
Universitetdə Ukrayna dili və ədəbiyyatı fakültəsində təhsilin səviyyəsindən razı qaldığını bildirən İqor Pekarev Ukrayna dilində gətirdiyi kitab və dərslikləri ali məktəbə hədiyyə etmişdir.
Ukraynanın Azərbaycandakı səfiri Boris Aleksenko ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışdır. Bildirmişdir ki, hazırda zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin və böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin Ukraynada qoyulmuş abidələrinin açılış mərasimində iştirak etmək üçün Prezident İlham Əliyevin bu ölkəyə səfərinə ciddi hazırlıq işləri görülür.
Görüşün sonunda Ukrayna dili və ədəbiyyatı fakültəsinin tələbələri Ukrayna mahnılarından ibarət konsert proqramı ilə çıxış etmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var