Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən
AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü ilə bağlı Almaniyanın Berlin şəhərindəki Azərbaycan Cəmiyyətləri Federasiyasında ümummilli liderimizin xatirəsini anma mərasimi olmuşdur. Federasiyanın sədri Nüsrət Dilbəstə mərasimi açaraq Heydər Əliyevin tarixi şəxsiyyət olduğunu qeyd etmiş, onu dünyada yaşayan bütün azərbaycanlıların ümummilli lideri kimi qiymətləndirmişdir. Heydər Əliyevin dünya azərbaycanlılarının birləşməsi və təşkilatlanması sahəsində misilsiz və fədakar xidmətlərindən danışan natiq qeyd etmişdir ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakı şəhərində Dünya Azərbaycanlılarının I qurultayı keçirilmişdi. Bununla da dünya azərbaycanlılarının diaspor fəaliyyətində yeni bir dövrün başlanğıcı qoyulmuşdur. Qurultaydan sonra isə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan təşkilatlarının birləşməsi prosesi start götürmüşdür. Bu yaxınlarda Berlində Avropa Azərbaycanlılarının I qurultayının keçirildiyini xatırladan Nüsrət Dilbəstə dünya azərbaycanlılarının təşkilatlanması sahəsində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin də fəaliyyətini yüksək qiymətləndirmişdir. Daha sonra Almaniyada Azərbaycan səfirliyinin 1-ci katibi Almaz Məmmədov Heydər Əliyevin həyat yolu haqqında geniş məruzə ilə çıxış etmişdir. Tədbirin digər iştirakçıları da Heydər Əliyev haqqında öz ürək sözlərini dilə gətirmişlər.
Avropanın digər ölkələrində - Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Gənclər Assosiasiyası, Belarus Azərbaycan İcmaları Konqresi və Ukrayna Azərbaycanlıları Konqresi də ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü ilə bağlı tədbirlər təşkil etmişlər.
Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki “Nizami”, Volqoqraddakı “Azərbaycan”, Voronejdəki “Birlik”, Novosibirskdəki “Azərbaycan”, Stavropoldakı “Odlar Yurdu” cəmiyyətləri ümummilli liderimiz Heydər Əliyevin ad günü münasibətilə tədbirlər keçirmişlər.
Orta Asiya respublikalarında, Gürcüstanda ulu öndər Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü ilə bağlı tədbirlər təşkil edilmişdir.
Dahi Heydər Əliyevin xatirəsi Birləşmiş Ərəb Əmirliklərində də anılıb. Dubay şəhərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə dahi öndərimizin doğum günü münasibətilə geniş tədbir keçirib. Mərasimdə soydaşlarımızla yanaşı, bir sıra yerli və əcnəbi nümayəndələr də iştirak ediblər. Azərbaycanın BƏƏ-dəki səfiri Eldar Səlimov və “Azərbaycan” Cəmiyyətinin rəhbəri Samir İmanov çıxış edərək Heydər Əliyevin ömür yolundan, siyasi fəaliyyətindən və Azərbaycan üçün gördüyü işlərdən danışmışlar.