İDMAN
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ I BEYNƏLXALQ ŞAHMAT FESTİVALI BAŞLANMIŞDIR
Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən rəsmi açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Şahmat Federasiyasının prezidenti Aynur Sofiyeva çıxış edərək, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə idmanın inkişafındakı xidmətlərindən, bu sahədə apardığı uzaqgörən siyasətin hazırda Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışlar.
Sonra gənclər və idman naziri Azad Rəhimov və beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov şahmat masası arxasında əyləşərək, turnirin açılışını bildirən bir neçə simvolik gediş etmişlər.
Xatırladaq ki, ilk dəfə keçirilən festivalda Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya, İsrail, Türkiyə, Qazaxıstan, İraq, Bosniya və Herseqovinanın 150-yə yaxın şahmatçısı kubok və qiymətli hədiyyələr uğrunda mübarizə aparacaqlar. Onların 35-i beynəlxalq qrossmeyster və ustadır. Dörd turnirdən - açıq turnir, 10, 12 və 14 yaşadək uşaqlar arasında, veteranlar arasında turnir və blits (sürətli) turnir - ibarət festival İsveçrə sistemi üzrə 9 turda keçiriləcəkdir. Festivalın ümumi mükafat fondu 35 min ABŞ dollarıdır.