ELM VƏ TƏHSİL
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılacaq
Bakı, 13 mart, AZƏRTAC
Tədqiqatyönümlü universitet olmağı hədəfləyən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası, Ekonofizika Tədqiqat Mərkəzi, Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi və Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin yaradılması barədə qərar qəbul olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Nobel mükafatı laureatı Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası qida məhsullarının texnologiyası kafedrasının nəzdində fəaliyyət göstərəcək. Laboratoriyada müvafiq istiqamət üzrə elmi-praktik araşdırmalar aparılacaq, qida məhsullarının standartlara uyğunluğu, qida sahəsində normativ-hüquqi akt layihələrinin işlənilib hazırlanması, qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi və s. həyata keçiriləcək.
Ekonofizika Tədqiqat Mərkəzində yeni elm sahəsi olan ekonofizikanın tədqiq edilməsi ilə yanaşı, müasir iqtisadiyyatın və sosiologiyanın aktual məsələləri, o cümlədən iqtisadi proseslərin inkişaf proqnozu təhlil ediləcək.
Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi isə UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı çərçivəsində yaradılacaq və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin nəzdində fəaliyyət göstərəcək. KOB-a dəstək məqsədilə yaradılan mərkəzdə gənc mütəxəssis və tələbələrin könüllü olaraq sahibkarlığa təşviqi, müvafiq sahənin inkişafı istiqamətində elmi-tədqiqat və innovasiyaların tətbiqinin genişləndirilməsi, startap və biznes inkubator ideyalarının reallaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi, o cümlədən müvafiq dövlət və özəl maliyyə institutlarına birgə təkliflər verilməsi nəzərdə tutulub.