ELM VƏ TƏHSİL
UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni sillabus əsasında təlimlər keçmiş müəllim heyətinə sertifikatlar verilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən mərasimdə rektor, professor Ədalət Muradov inkişaf üçün istiqaməti düzgün müəyyən etməyin zəruri olduğunu vurğulayıb.
Qeyd edilib ki, UNEC qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün zəruri potensiala sahibdir, lakin bu potensialın artırılması da çox vacib məsələdir. Məhz bu məqsədlə UNEC-də mütəmadi olaraq müəllim heyəti üçün peşəkar təlimlər keçirilir, yay və qış məktəbləri təşkil olunur.
Rektor bildirib ki, bu il qış məktəbində UNEC-ə Türkiyədən və İngiltərənin Kembric Universitetindən təlimçilər dəvət olunacaq. Həmçinin müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə bu il Türkiyəyə heyətin göndərilməsi nəzərdə tutulur. Eyni zamanda, UNEC-ə istedadlı gənc müəllimlər cəlb edilir, ali məktəbdə gənc alimlər şurası yaradılıb.
Qeyd olunub ki, müəllim heyətinin xarici dil səviyyəsinin daha da artırılması məqsədilə “British Council”da əməkdaşlar üçün akademik ingilis dili kurslarının təşkili nəzərdə tutulur.
Tədbir çərçivəsində təlimlərdə iştirak etmiş müəllim heyətinə sertifikatlar təqdim olunub.