MƏDƏNİYYƏT
UNESCO mədəni mülkiyyətin qorunması üzrə Haaqa Konvensiyasının ikinci Protokolunun 20 illiyi ilə bağlı tədbir keçirib
Bakı, 26 aprel, AZƏRTAC
UNESCO mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il aprelin 25-də qəbul olunmuş ikinci Protokolunun 20 illiyi ilə bağlı konfrans keçirib. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, aprelin 25-26-da İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə UNESCO, İsveçrə hökuməti və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Konfransı açan UNESCO baş direktorunun mədəniyyət üzrə köməkçisi Ernesto Ramirez bildirib ki, iyirmi il əvvəl təşkilatın təşəbbüsü ilə dünya hökumətləri mədəni irsin yaşadılması, xüsusən silahlı münaqişə zonalarında qədim mədəni irs nümunələrinin qorunması ilə bağlı 1954-cü il Haaqa Konvensiyasının ikinci Protokolunu qəbul ediblər. Bu sənəd sözügedən sahədə beynəlxalq hüquq normalarının tətbiqini daha da yaxşılaşdırıb.
Tədbirdə müxtəlif dövlətlərin təmsilçiləri çıxış edərək mədəni mülkiyyətin qorunması sahəsində görülən işlərdən danışıblar. Qeyd olunub ki, artıq 82 ölkə bu protokolu imzalayıb.
Xatırladaq ki, 2015-ci ilin dekabrında Azərbaycan UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilib. Ölkəmizin bu mötəbər Komitədə üzvlüyü işğal edilmiş ərazilərimizdəki mədəni irsin Ermənistan tərəfindən dağıdılması ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verir, silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması sahəsində baş verən prosesləri yaxından izləməyə imkan yaradır.