MƏDƏNİYYƏT
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycan inciləri haqqında növbəti informasiya məktubu hazırlanıb
Bakı, 26 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycanın incilərindən tar və tarçılıq sənəti, lavaş, xalçaçılıq və s. ilə bağlı informasiya məktublarını sosial şəbəkələrə təqdim edib.
AZƏRTAC xəbər verir ki, mədəni irsimizi tanıtmaq məqsədilə növbəti informasiya məktubu virtual izləyicilərə təqdim olunub. İnformasiya məktubu “İçərişəhər”, “Qız qalası” və “Şirvanşahlar sarayı” mövzularını əhatə edib.
Qeyd edək ki, 2000-ci ilin noyabr ayında UNESCO-nun Avstraliyanın Kerns şəhərində keçirilmiş XXIV sessiyasında “İçərişəhər” “Şirvanşahlar sarayı” və “Qız qalası” abidələri ilə birgə Dünya İrsi siyahısına daxil edilib. Bu mühüm addım xalqımızın qədim, dünya mədəniyyəti, incəsənəti tarixində əhəmiyyətli yer tutan abidələr sırasına düşmüş nadir sənət incilərimizi - “Qız qalası”nı və “Şirvanşahlar” sarayı kompleksini bir daha dünyaya tanıdıb.
Hazırlanmış informasiya məktubunda İçərişəhərin tarixi, 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış Qız qalasının təsviri, Şirvanşahlar sarayının minarə təsviri və tarixi haqqında məlumatlar toplanıb.