REGİONLAR
USAID-in nümayəndə heyəti Masallıda kiçik və orta bizneslə məşğul olan qadın sahibkarlarla görüşüblər
Masallı, 10 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 10-da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndə heyəti Masallıda səfərdə olub. Nümayəndə heyətinin tərkibinə Qlobal İnkişaf Laboratoriyasının icraçı direktoru Harri Bader, Azərbaycan üzrə missiyanın direktoru Cey Sindh, İnkişaf mütəxəssisi Erin Qarnett və layihə meneceri Emin Məmmədli daxildirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqlar Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşüblər.
Görüşdə nümayəndə heyətinə Masallının tarixi, əhalisi, kənd təsərrüfatı və sənaye potensialı, həmçinin mədəniyyəti, turizm, yeni yaradılan Masallı Sənaye Məhəlləsi, rayon sakinlərinin məşğulluğu barədə məlumat verilib.
Sonra əməkdaşlıq imkanları müzakirə edilib.
USAID-in Qlobal İnkişaf Laboratoriyasının icraçı direktoru Harri Bader, Azərbaycan üzrə missiyanın direktoru Cey Sindh və inkişaf mütəxəssisi Erin Qarnett çıxışlarında qeyd ediblər ki, regionda inkişaf lokomotivi ola biləcək sabit və firavan Azərbaycanla dostluğumuzu və tərəfdaşlığımızı gücləndirməyə ümid edirik. Bildirilib ki, fəaliyyətimizin əsas prioritetlərindən biri iqtisadi və siyasi tərəfdaşlığımızı dərinləşdirmək üçün hər iki ölkədə özəl sektorla işləmək istəyimizdir.
Masallıya səfər zamanı nümayəndə heyəti, həmçinin BMT-nin İnkişaf Proqramı (UNDP) çərçivəsində USAID-in dəstəklədiyi kiçik və orta bizneslə məşğul olan qadın sahibkarlarla, o cümlədən Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən USAID-in Qadın Resurs Mərkəzinin “Qadın dünyası” Xidmət Mərkəzində çalışan qadınlarla görüşüblər.