MƏDƏNİYYƏT
UŞAQ MUSİQİ İFAÇILARININ II RESPUBLİKA MÜSABİQƏSİNİN BİRİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATMIŞDIR
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, xalqımızın mədəni sərvətlərini qoruyub saxlamaq və inkişaf etdirmək, muğam sənətinə, xalq mahnıları və təsniflərə marağı artırmaq, gənc muğam ifaçılarını aşkara çıxarmaq məqsədi ilə nazirlik 2004-cü ilin aprel-may aylarında uşaq musiqi ifaçılarının II Respublika müsabiqəsini keçirir.
İki ildən bir keçirilməsi qərara alınan müsabiqənin birinci mərhələsi başa çatmışdır. İlk mərhələnin nəticələrinə görə, respublikanın 53 rayonundan 150 nəfər yekun mərhələdə iştirak etmək hüququ qazanmışdır.
Yekun mərhələ mayın 13-dən 16-dək Astara rayonunda keçiriləcəkdir.
Tanınmış muğam ustalarından ibarət münsiflər heyətinin müəyyən edəcəyi qalibləri diplomlar və pul mükafatları gözləyir. Fərqlənənlər üçün həvəsləndirici mükafatlar da nəzərdə tutulmuşdur.